Seyid Abbas Əraqçi İran və ABŞ arasında dolayısı ilə danışıqların dördüncü raundu başlamazdan əvvəl danışıqların bu raundunun təfərrüatları barədə deyib: Dünənki region səfərindən və Səudiyyə Ərəbistanı və Qətərlə baş tutan məsləhətləşmələrdən sonra bu gün danışıqların növbəti raundu üçün yola düşürəm. Bu səhər Tehranda növbəti məsləhətləşmələrimiz oldu və bu raundda həlledici nöqtəyə çatacağımıza ümid edirik.
Təəssüf ki, qarşı tərəfdən istər müsahibələrdə, istərsə də mövqelərdə çoxlu ziddiyyətli bəyanatlar eşitdiyimizi qeyd edən xarici işlər naziri deyib: “Biz həm danışıqlar zalının daxilində, həm xaricində, həm də media məkanında ziddiyyətlərin şahidi oluruq. Qarşı tərəfin mövqeləri daim əvəz olur və dəyişir ki, bu da danışıqlarda problemlərdən biridir. İran İslam Respublikası qarşı tərəfdən fərqli olaraq məlum və prinsipial mövqelərə malikdir. Biz tam düz xətt üzrə hərəkət etmişik və mövqelərimiz tamamilə aydındır".
Əraqçi vurğulayıb: İranın nüvə proqramı güclü hüquqi və tənzimləyici əsaslara malikdir və onun bütün dinc yönləri həmişə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olub və olacaq. Bu, İran xalqının hüquqlarından biridir. Belə ki, hətta danışıqlar mövzusu və ya alver predmeti ola bilməz. Uranın zənginləşdirilməsi İran millətinin nailiyyətləri və şərəflərindən biridir və bu zənginləşdirmə üçün ağır bədəl ödənilib və bu nailiyyətin arxasında nüvə alimlərimizin qanı dayanır və bu, qətiyyən müzakirə oluna bilməz. Bu, bizim aydın mövqeyimiz olub və biz bunu həmişə bəyan etmişik.
Əraqçi aydınlaşdırıb: “Danışıq məsələləri danışıqlar masası arxasında aparılmalıdır və onların mediada gündəmə gətirilməsi danışıqların xarakterinə ziddir və qarşı tərəfin ciddiliyini və iradəsini şübhə altına alır. Ümid edirik ki, bu raundda İran İslam Respublikasının prinsipial mövqelərini qoruyub saxlayaraq, tam konstruktiv və gələcəyə hesablanmış danışıqlar apara bilərik".
Sizin rəyiniz